MENÜ ☰
Çocuk ve Genç » Haberler, Hikaye, Manşet » Yerdən Göyə Qalxan Günəş
Yerdən Göyə Qalxan Günəş

Türkiyə’də zəlzələdən əziyyət çəkən bütün uşaqlara həsr olunur.

Bu mağazaya gedəndə həmişə gec qayıdardım. Anam yolumu gözləyə gözləyə qalırdı. Satılan bütün quru meyvələrə və əlimdəki pula baxırdım. Anam ya sarıkök ya da südlü yeməklər üçün darçın aldırırdı. Bu da tez tez olmurdu. Yığa bildiyim qəpiklərimə isə yalnız günəbaxan tumları düşürdü. O kisənin ağzını isə açdırmaq nəsib olmurdu. Satıcı əmi deyinirdi  “o kisəni açmağımın mənə nə xeyri? Sən vur tut bir stəkan tum alacaqsan, bir stəkana görə bir kisəni açmağa dəyərmi?” Mənim gözlərim açılmamış ağır kisənin ağzına bağlanmış incə ipin düyünündə idi. Dilimin ucunda düyünlənən sözlərim kimi nəfsimə hakim olmağa çalışırdım. Hər dəfə bu mənzərəni mağazaya daxil olan hansısa alıcı xanım bölürdü. Dükançı əmi bir az da əyilərək guya önünə qaçırmış kimi tərzi ilə ensiz mağazanın içində ilan kimi qıvrılırdı. Sarıkökü ovuclarımda sıxıb dukandan qaçdım. Anam sarıkökü qabına boşaldıb ara sıra suallar verirdi. “Niyə gec gəldin, yeni nə gətiriblər dükana, urəyindən keçən bir şey yoxdur ki…” Sonuncu sualını eşidər eşitməz anama tərəf boylandım. Ürəyimdən keçənləri bir bir xəyalımdan keçirərək, seçim edirdim ki,  anam ustalıqla mövzunu dəyişdi. Həmişəki kimi fikrimizi qarşıdan gələn bayramda atamın alacağı əlavə pula yönəldərək bizi yeni ümidlərə kökləməyi bacarırdı.

Anamın hər səhər balaca qardaşım üçün düyü unundan bişirdiyi firnidən qalırdı. Nənəmdən qalan mis qazanın kənarları dağılmış evlərin divarlarına oxşayırdı. Qurumuş südlü yeməyin qalıqları lay-lay qazanın içinə tökülürdü. Nazik dib tutmuş və bir az rəngini dəyişmiş alt qatını qaşıqla qarışdırıb üstünə darçın töküb yeyirdim. Səs küy salmadan darçını axtarırdım ki, anam hövlənak içəridən çıxdı.

– Nə axtarırsan?

– Darcın.

– Yoxdu. Qurtarıb. Uşaq da çətinliklə yedi, üstünün bəzəyi olmadığı üçün, yeməyi tanımadı.

Qarşıda Ramazan ayı gəlirdi. Hələ bir aydan sonra atam bayram pulu alacaqdı. Axşam tərəfi küçənin o biri üzündəki dükana tərəf getdim. Gözlədim ki, hamı çıxsın təklikdə deyim sözümü. Maşallah burda da yaxşı alver gedir. Ayrı vaxt deyinir ki, hamı baxır gedir sənin kimi. Alan hanı? Hələ qapı qonşumuzu demirəm, hər gün deyinir ki, “iştahım yoxdu, heç nə yeyə bilmirəm”. Aldığı ləpələri belinə bağladığı şalının içində gizlədib yeyirmiş. Ara yavaş yavaş sakitləşirdi. Dükançı əmiyə tələsə tələsə sözümü deməyə çalışırdım. Nə qədər alacağımı bilmirdim. Anamın darçını bir ovucuna doldurub, o biri əlinin barmaqlarının ucu ilə bəzəməsini xatırladım. Dedim “bizə bir ovuc darçın lazımdı amma pulunu atam bayrampulu alanda verəcəm”.  “Bax gör başqa nə keçir ürəyindən ondan da çəkim verim”, dedi. Mən tez günəbaxan tumlarının kisələrinə tərəf getdim. Kisələrin biri açılmışdı. İki ovuc götürmək istəyirdim ki, “yaman iştahın varmış sənin də, deyərək, yaxınlaşdı”. Nazik dirsəklərimi divardan asılan mismar kimi yumruqladı. Günəbaxan tumları barmaqlarımın arası ilə günəşin şüaları kimi suzulub yerə töküldü. Bığının altından əyilərək yanakı baxıb iyrənc şəkildə güldü. O necə güldüsə mən burada satılan hər şeydən iyrəndim. Qaça qaça evə getdim. Mən də qardaşım kimi könülsüz firnimi yedim və yatdım.

Səhər qardaşımın səsinə ayıldım. O dayanmadan ağlayırdı. Anamla atamın səsi gəlmirdi. Adətən anam mətbəxtdə yemək hazırlayırdı, atam isə uşağı sakitləşdirməyə çalışırdı. Nə qədər çalışdım ayağa dura bilmədim. Gözümü açanda qonşularımızın yanında idim. Binamız uçulmuş, evimiz yox idi. Hamı birbirini axtarırdı. Belə zəlzələni filmlərdə görmüşdüm. Anamı və atamı soruşdum qonşularımızdan. Bir söz deyən yox idi. Hamı qucaqlayıb ağlayırdı məni. Qardaşım xəstəxanada idi. Onun səsi üçün yaman darıxmışdım.

Bayramlar da gəldi, getdi. Ramazan, Qurban. Anam həmişə səbirsizliklə bayramları gözləyirdi, atam isə bayram pulunu.  Amma bu gün nə atam var, nə də anam. Heç bizim binamızın izi tozu da qalmayıb. Aylardı burada traktorlar işləyir, quruculuq işləri gedirdi. Avqust ayında çadırda qalan qonşularımızla köhnə məhəlləmizə getdik. Möcüzəli bir mənzərə ilə qarşılaşdıq. Ensiz uzun bir günəbaxan bağı vardı. Bura həmin günəbaxan tumları satılan mağazanın yeri idi. Bu günəbaxanlar isə dağlan tumlar… Hamı təəccüblə və sevinclə baxırdı. Dükançı əmi peşimançılıq hissi ilə başını sığallayaraq: “Bu günəşə boylanan günəbaxanlar sənin ovuclarından tökülmüşdü…” Bu günəbaxanlar torpaqdan qalxan Günəş kimi  yer üzünə ümid bəxş edən şüalar idi.

📆 24 Ağustos 2023 Perşembe 07:49   ·   💬 0 yorum   ·