Biri vardı, biri yoxdu, meşənin lap yaxınlığında Həmişəbahar adlı ananın Novruzgülü adlı bir qızı vardı. Mavi donlu, mavi ləçəkli bu qız heç vaxt evdən küçəyə çıxmazmış. O nə qışı, nə payızı, nə də yay fəslini xoşlayardu. Qışda üşüyər, payızda saralıb solar, yayda isə yanıb külə dönərdi… Novruzgülü ancaq bahar fəslini sevərdi. Həmişəbahar ana qızını dilə tutardı ki, həyətə çıxsın, həyətdə gəzsin, ancaq onu yola gətirə bilməzmiş. Elə ki, ağaclar tumurcuqlanmaq, torpaq yaşıl məxməri libasını geyinmək istəyirdi. Novruzgülü, mavi ləçəklərini saçına düzüb həyətə çıxardı. Günün şüası Novruzgülü’nün gözlərini qamaşdırardı. Novruzgülü başını qaldırıb açıq səmaya baxa bilməzdi. Yerdə göyərməkdə olan kolların, daşların arasında gizlənərdi və tez tez də həsrətlə uzaqda görünən yaşıl dağlara baxardı. Elə istəyirdi ki, o dağlara dırmaşsın. Eşitmişdi ki, onun rəfiqələri ömründə görmədiyi Bənövşə’ylə Lalə o dağlarda məskən salır. Bir gün Novruzgülü yenə də həyətə çıxdı və hərlənə hərlənə fikirləşirdi ki, Həmişəbahar anasından icazə alıb o dağlara gedə bilər, ya yox. Birdən gördü ki, uzaqdan qara qanadlarını yanlara açaraq ona sarı bir quş uçur. Bu Qaranquş idi. Baharın gəlişini el obaya xəbər verən Qaranquş. Qaranquş gülümsünə gülümsünə gəlib Novruzgülü’nün ləçəyinə qondu.
— Salam, mənim əziz bacım Novruzgülü. Qədəmlərin mübarək, həmişə bu çöllərin, bu dağların ətəyində görünəsən.
— Salam, qardaşım Qaranquş. Baharın ilk müjdəçisi.
Novruzgülü sevinə sevinə Qaranquş’un üzündən öpdü.
— İsti diyarlardan nə vaxt qayıtmısan?
— Bu gün gəlmişəm. Qış öz bəd ayağını çəkib gedən kimi yola düzəidim. Qaranquş’la Novruzgülü xeyli söhbət elədilər, Novruzgülü elə gözəl ətir saçırdı ki, yer göy bu ətirdən məst olmuşdu. Novruzgülü, Qaranquş’la söhbət etsə də, fikri dağlarda qalmışdı. Qaranquş hissetdi ki, Novrüzgülü nəysə həyəcanlıdır.
— Mənim gözəl, mavi ləçəkli bacım, niyə belə narahatsan?
Novruzgülü ah çəkdi!
— Qaraləçəkli, şümal boylu qardaşım, o uca dağların həsrətindəyəm. Elə istəyirəm ki, o dağlara çıxam. Mənim Həmişəbahar anam, həmişə deyərdi ki, sənin Laləy’lə Bənövşə bacın o dağlarda yaşayır. Mənsə onları heç vaxt görməmişəm. Deyilənə görə, Lalə bacım qırmızı ləçəkli, qaraxallı göyçək bir qızdı. Həmişə dodaqlarından gülüş əskik olmur. Bənövşə bacımsa boynu bükük gəzir. Özü də heç kəsə yovuşub eləmir. Bilmirəm, onu kimsə küsdürüb. Görən, mən o dağlara çıxsam, onları görə bilərəmmi?
Qaranquş kədərli kədərli dilləndi:
— İnanmıram, bacım. Onlar sən buraları tərk edəndən sonra dağlarda görünürlər. Bənövşə bacıyla Lalə bacı mülayim, isti havanı xoşlayırlar. Sənin isə istiyə davamın yoxdur. Ona görə də siz heç vaxt birbirinizi görə bilməyəcəksiniz. Novruzgülü daha da kədərləndi və Qaranquş’a dedi:
— Apar qardaşım, məni, apar o dağlara. Onların gəzdiyi yerləri heç olmasa mən də görüm. Qaranquş, Novruzgülü’nü qanadlarına alıb dağlara sarı üz tutdu. Gəlib dağa çatdılar. Sonra Qaranquş dedi:
— Mən gedirəm, bacı. Əlvida!
Novruzgülü təəccüblə Qaranquş’a baxdı:
— Hara belə, qardaşım Qaranquş?
Qaranquş, Novruzgülünün ləçəklərini sığallayıb dedi:
— Mənim o qədər işim var ki. Meşəyə tələsirəm. Gedim baharın gəlişini onlara da xəbər verim. Qoy meşəmiz də öz yaşıl libasını geyinsin. Qaranquş, Novruzgülü’nün ləçəklərindən bir də öpüb onunla vidalaşdı. Yaşıl otlardan don geyinmək istəyən dağlar Novruzgülü’nü çoxdan gözləyirdi. Buralar necə gözəl idi. Novruzgülü elə ayağını dağlara basdığını görür. Dağların ətəyində yerləşən kənd elə bil Novruzgülü’nün gəlməyini gözləyirdi. Kənd bayram əhvali ruhiyyəsindəydi. Çayların şırıltısı, əriyən buzların şaqqıltısı, şəlalənin zümzüməsi aləmi bürüdü. Analar həyətdə aş qazanları asırdılar. Uşaqlar üzlərində sevinc həyətdə oynayırdılar. Axı anaları onlara təzə paltar almış, çoxlu yumurta boyamış, şəkərbura, paxlava bişirmişdi, nimçələrdə səməni göyərtmişdilər, hələ axşam şər qarışanda evlərində xonça bəzəyib şam yandıracaqdılar. Atalar həyətdə əllərində bel yer şumlayır, ağac əkirdilər. Novruzgülü’nü ilk görən uşaqlar oldu. Sonra bütün kənd xəbər tutdu ki, Novruzgülü dağlarda məskən salıb. Uşaqlar dağlara axışdı:
— Xoş gəlmişsən! Qədəmlərin mübarək, Novruzgülü!
Novruzgülü utana utana mavi ləçəklərini aşağı salıb öz özünə fikirləşdi: “Görəsən uşaqlar məni görüb niyə sevinirlər?” Sonra utana utana ləçəklərinə sığal çəkib soruşdu:
— Mən neyləmişəm ki, məni görüb sevinirsiniz, ay uşaqlar?
Uşaqlar halqa vurub Novruzgülü’nün başına yığışaraq yallı gedə gedə:
— Sən bizə baharı gətirmisən Novruzgülü, gül çiçəyi gətirmisən, deyə qışqırışdılar.