MENÜ ☰
Çocuk ve Genç » Manşet, Şiir » Məktəb Yolları / Bahtiyar Vahabzade
Məktəb Yolları / Bahtiyar Vahabzade
Fotoğraf için Avusturya’dan Petra’ya teşekkür ederiz.

A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.


Uşaqlıq günlərim düşür yadıma
Məktəbə aparır məni bu yollar.
O gözəl günlərdə hər kiçik anın
Sevinclərlə dolu bir aləmi var!


Hər gün iki dəfə keçirdim sizdən.
Kəssə də yolumu qar, boran, sazaq.
Gedişim yüngüldü, gəlişimdə mən
Hər dəfə bir pillə artırdım ancaq.


A mənim uşaqlıq dostum, həmdəmim!
Sən bilsən, nə qədər mənə əzizsən.
Hər kiçik daşının üstündən azı,
Atlanıb keçmişəm min bir dəfə mən.


Kamalım gün-gündən pərvazlanaraq
Bütün kainata açardı qanad.
Elmin sirlərini duyduqca mənə
Daha da mənalı gəlirdi həyat.


Yararaq keçmişəm sənin üstünü
Bürüyən dumanı, bürüyən sisi.
Sənsən ömrüm boyu, həyatım boyu
Getdiyim yolların ən şərəflisi!


İndi nə dərdim var, nə də bir qəmim.
Açılıb ömrümün qızıl baharı.
Məni səadətə siz apardınız,
A məktəb yolları, məktəb yolları!

📆 27 Ocak 2023 Cuma 23:17   ·   💬 0 yorum   ·