Kəndimə getmişdim,
Gəzdim hər yeri –
Təzə küçələri, təzə evləri…
Hər köhnə ocaqda, təzə bir ocaq…
Ruhum təzələndi, fikrim ucaldı.
Təzəlik gözəldir, gözlərim ancaq,
O köhnə yüyrükdə, beşikdə qaldı…
Beşik… nişanədir uşaqlığımdan,
Könlümdə ah nələr, nələr oyatdı.
Bu taxta beşikdə axı, bir zaman
Anam da, atam da, babam da yatdı!..
Beşik ilk mənzilim, ilk yuvam mənim,
Laylalar dünyası ilk dünyam mənim.
Babamtək, atamtək dünyaya mən də
Açdım gözlərimi taxta beşikdə.
Anam beşiyimi tərpətməyəndə,
Bilərdim, keşikçim yatıb keşikdə.
Qoymazdım anamı ala dincini,
Doymazdım anamm gül nəfəsindən.
Dadardım dünyanın ilk sevincini
Beşikdən asılan “şax-şax”larla mən.
Elə bilirdim ki, dolanır dünya,
Mənim beşiyimin başına ancaq,
Mənim dünyam idi uşaqlığımda
Bir anam, bir beşik, bir də o şax-şax!..
Qara gözmuncuğu sol biləyimdə,
Beşiyin üstündə üzərrik, quran.
Anam qoruyardı məni bunlarla
Dünyanın hər cürə bəlalarından.
Bizim ala-bəzək bu beşiklərdə
Ümidlər, arzular, diləklər yatıb.
Qılınc çəkmək üçün ələmə, dərdə
Sabirlər, Nəbilər, Babəklər yatıb.
İnsanın insana məhəbbətini, Ey beşik,
İlk dəfə biz səndə duyduq.
Dünyanın zövqünü, səadətini
Ananın o ilıq südündə duyduq:
Laylay dedim yatasan,
Qızıl gülə batasan,
Qızıl güllər içində
Şirin yuxu tapasan.
Hopdu ruhumuza bayatılardan
Nəğməyə bənzəyən ləhcələrimiz.
Daddıq dilimizin şirinliyini
Hələ bələkdəykən bu beşikdə biz.
Beşiyin üstünə səpildi dən-dən,
Qaynar çeşmələrin zümzümələri.
Aldı öz kökünü beşiyimizdən
Üzeyir nəğməsi, Füzuli şeiri.
Laylanın hər xalı bir ümid, güman,
Onun ahənginə qaynadı qanım.
Anamın yanıqlı laylalarından
Süzüldü ruhuma Azərbaycanım.
Yoxsul babaların qaranlıq damı
Güldü körpələrin gülüşlərində.
Atdıq dünyamıza biz ilk addımı
Taxta beşiklərin həndəvərində.
Düşdük arxasınca xoş xəyalların,
Arzular ayırdı bizi də bizdən.
Uzaq səfərlərin, böyük yolların
Əvvəli başlandı beşiyimizdən.
Çıxdı qarşımıza gah dağ, gah dərə,
Həyat gözümüzdə bir sual oldu.
Bir beşiyə sığan Nəsimilərə,
Sonra cahan özü darısqal oldu.
Bizim anaların laylalarından
Axdı ruhumuza Vətənin özü.
Beşik kökümüzdür… ucalıb ordan
Tanıdaq dünyaya öz kökümüzü!..