MENÜ ☰
Çocuk ve Genç » Alt Manşet, Makale, Yazarlar » Azerbaycan Çocuk ve Gençlik Edebiyatında Çağdaşlık
Geşem Necefzade
Azerbaycan Çocuk ve Gençlik Edebiyatında Çağdaşlık

(Bu makale, 24-25 EKİM 2014 tarihlerinde Çocuk ve Gençlik Edebiyatı Yazarları Birliği tarafından düzenlenen I.Uluslararası Çocuk Ve Gençlik Edebiyatı Sempozyumu’nda bildiri olarak sunulmuştur.)

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər.
Uşaq atasından soruşur:
– Dənizi kim qazıb, gəmilərin ayağı yerə çatırmı?
Demək, uşaq dünyanın heyrətidir. Uşağın heyrətisə onun şeiridir. Demək, uşaq şeiri uşaqlara dünyanı necə göstərəcəyimiz haqda deyil, onların dünyanı necə görmələri barədədir.
Təəssüflər olsun ki, çox zaman biz uşaq düşüncələrinə, duyğularına öz böyük fikirlərimizi, nitqimizi, dilimizi pərçim eləmişik. Uşaqları böyük kimi danışdırmışıq. Uşaq böyük kimi düşünəndə ölür. Beləliklə, bu günkü uşaq şeirimizin fəlsəfəsi çatmır.
Uşaq şeirində əsas meyarlardan biri dil məsələsidir. Şeirin dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində yumşaq və rahat nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün ədəbi məqamlarda fikir aydınlığı, sözün semantik mənasına, təfəkkür çevikliyinə, dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami heç bir əsərini uşaqlar üçün yazmayıb. Sadəcə olaraq Nizaminin dövründə və sonralar da yazılan əsərləri uşaqların yaş mərhələlərinə görə müəllimlər qruplaşdırıblar və bununla dərsliklər, məktəblər, qiraətxanalar yaranıb. Kim deyə bilər ki, Ənvər Məmmədxanlının «Buz heykəl» hekayəsi ancaq uşaqlar üçündür və ya əksinə. Kim deyə bilər ki, «Od tutub qırmızı atəşlə yenə yandı üfüq» şeiri ancaq böyüklər üçündü və ya əksinə. Kim deyə bilər ki, M.Cəlilin «Saqqallı uşaq», «Poçt qutusu», «Pirverdinin xoruzu», A.Şaiqin «Məkub yetişmədi» hekayələri ancaq böyüklər üçündür və ya əksinə. Demək uşaq və böyük ədəbiyyatı bölümü ən çox pedoqoji termindir. Və bu gün uşaq ədəbiyyatınn əsas problemlərindən biri də böyük və uşaq ədəbiyyatına kəskin fərq qoymağımızdı.
Uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi sözlərin mənasını öyrənə bilməyəcək. Çünki ona ən əvvəl ilıq, aydın tələffüz olunan sözlər, bir növ təfəkkür lazımdır. Təfəkkürü isə dil yetişdirir. Məhz M.Ə. Sabir müəllim olduğu üçün «Uşaq və buz» şeirini çox aydın, sadə və mənalı, həm də əruz vəznində yazmışdır. A.Şaiq, A.Səhhət, R.Əfəndiyev, C.Səbrayılbəyli məktəbdarlıqla məşğul olduqlarına görə onların uşaq şeirlərinin dili sadə və aydındır. Bir sözlə, uşaq ədəbiyyatı ilə məşğul olan şairin pedoqoji təhsili olması vacibdir.
XIX əsrin sonlarında, xüsusən «Əkinçi» qəzetinin nəşrindən sonra yeni ictimai fikrin, habelə uşaqların bədii dünya görüşünün formalaşması üçün yeni yollar açıldı. S.Ə.Şirvaninin «Rəbiül-Ətfal», «Tasül-Kütüb», Çernyayevskinin Vəlibəyovla birlikdə hazırladıqları «Vətən dili», R.B. Əfəndiyevin «Uşaq bağçası», A. Şaiqin «Gülzar», «Milli qaraət kitabı», «Uşaq gözüyü», A.Səhhətin «Türk ədəbiyyatına ilk qədəm», Ağazadənin «Məktəb məcmuəsi», F.Köçərlinin «Balalara hədiyyə» dərslikləri yarandı və bütün bu dərsliklər Azərbaycan Pedoqoji tarixinin əsası olaraq, ictimai fikrimizin formalaşmasında, dilimizin ərəb və fars tərkiblərindən təmizlənməsində mühüm rol oynamış oldu.
1906-cı ildə müəllimlərin qurultayından sonra məktəblərimiz üçün «Dəbistan», «Rəhbər» və «Məktəb» jurnalları nəşrə başladı. N.Nərimanovun, S.M.Qənizadənin, S.S.Axundovun, A.Şaiqin, A.Səhhətin, M.Mahmudəyovun yaxından köməkliyi ilə bu jurnallar dilimizin, mənəviyyatımızın inkişafı yolunda məşəl oldu. Şübhəsiz ki, bu jurnallarda uşaqların dərk edə biləcəyi və öyrənəcəyi çox maraqlı şeirlər, hekayələr və nağıllar çap olunurdu. «Uşaq və buz», «Keçi», «Gəl, gəl, a yaz günləri», «Can gülüm, can, can», «Dovşan», «Durna», «Vətən» və başqa məşhur şeirlər bu dövrlərə təsadüf edir. A.Şaiqin, A.Səhhətin, Şaiqin, Mahmudbəyovun uşaq şeir yaradıcılığında ən başlıca uğurları onda idi ki, onlar xalqın içərisində məşhur olan və ən çox sevilən mahnı ritmləri üzərində yazıb yaradırdılar. Bununla da onlar öz şeirlərini xalqın ruhuna yaxınlaşdırır və bununla da xalq öz içindən çıxan şeyi asan əzbərləyir və heç zaman da unutmurdu. A.Səhhət, A. Şaiq və Sabirdə bu keyfiyyətlər fitri istedad olmaqla bərabər həm də bir pedoqoji ustalıq idi.
Görkəmli şair Çukovski qeyd edirdi ki, uşaqlar ilk şeir təəssüratlarını anaların onlara beşik nəğmələri və başqa bu cür nəğmələr oxuduğu südəmər yaş dövründə alırlar.

Laylay dedim ucadan,
Ünüm çıxdı bacadan,
Tanrı səni saxlasın,
Çiçəkdən, qızılcadan,
Balam layla, ay layla,
Ünüm layla, a layla.

Bundakı ritm xalqın özünün təfəkküründən gəlir. Ona görə öyrənilməsi su içmək qədər asandı. «Ç»səslərinin allerterasiyası şeirin bədii gücünü artırır, dil, nitq, təfəkkür məsələləri oxucu və dinləyici tərəfindən asan qavranılır.
Abbas Səhhət də «Quşlar» şeirində sanamalar, yəni təkərləmələr janrından istifadə etmişdir:

Quşlar, quşlar, a quşlar…

Və yaxud A.Şaiqin «Dovşan» şeiri:

Dovşan, dovşan, a dovşan…

Görüsünüzmü, hər iki şey eyni mənbədəndir, yəni xalqın yaddaşındandır, sadəcə oyadılıb, dilə gətirilib. A.Şaiqin başqa bir şeirinə fikir verək:

Bülbül oxur yuvada,
Gan gülüm, can, can.
Qanad çalır havada
Can gülüm, can, can.

Bu şeir həm sanamalara, həm də xalq havalarının intonasiyasına yükləndiyi üçün gözəldir və həmişə yaşardır.
«Dovşan», «Keçi» və «Cücələrim» şeirlərində də sayaçı sözlərindən, təkrirlərdən, anofora və epifolardan məharətlə istifadə olunur.

Cip-cip cücələrim
Tükü ipək cücələrim.

Cücələr həm çağırılır, həm də sananır.

«Gəl, gəl a yaz günləri»
(Sanki uşaq əllərini yelləyir)
ilin əziz günləri,
dağda ərit qarları,
(əlini bu tərəfə əyir)
bağda ərit qarları
(indi də bu tərəfə əyir…)

Bu şeirin daxilindəki ritm xalq havasıdır. Ona görə də klassiklərimiz xalq poezyasına və təfəkkürünə fitri və ağıllı şəkildə söykənmişdir.
Rəşid bəy Əfəndiyevin «Durna» şeirinə fikir verin:

Ay havada uçan durna,
Bizi qoyub qaçan durna.
Get xoş gəldin, şəfa gəldin,
Gələcəksən haçan durna?

Nə qədər axıcı, səlis və aydındır. Bu şeir uşaqlara ana dilini asanlıqla öyrədir. R.B Əfəndiyevin başqa bir şeiri:

Yaz gələndə yağar yağış,
Otlar uzanar bir qarış,
Qaranquş eylər sifariş:
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.

Bu şeir:

Piyalələr irəfdədir,
Hər biri bir tərəfdədir,
Görməmişəm bir həftədir,
Yar bizə qonaq ələcək,
Olsun ki, sabah gələcək

şeirinin melodiyası əsasında yaradılıb, özü də bilərəkdən, şair özü elə yazıb. Əsərini ədədiyyətə, xalqın qan yaddaşına etibar eləyib.
Bu misraları ona görə çəkirəm ki, bu günkü uşaq şeirimiz xalqdan,xalqın melodiya və intonasiyasından uzaq düşüb.
Yenə də Çukovski yazır: «Çoxlu uğursuzluqlardan və tərəddüddən sonra mən belə qənaətə gəldim ki, bütün yazıçılar üçün, istər zəif olsun, istərsə güclü yeganə kompas xalqın poeziyasıdır».
S.Ə.Şirvani, F.Köçərli, A.Səhhət, C.Məmmədquluzadə, M.Mahmudbəyov, R.Əfəndiyev, Hüseyn Cavid, S.M.Qənizadə kimi sənətkarlarımız mənəvi dəyərlərə əsaslanan, xalqın poetik yaddaşına söykənən dilinə, nitqinə rahatlıq verən milli dərsliklərimizin əsasını qoymuşlar və təəssüflər olsun ki, bu milli mənəvi dəyərlər bolşevik süngülərinə taxıldı. Gözəl şairimiz M.Müşfiq ilk şeirlər kitabının adını məcburən «Pambıq» qoydu. Rusiyanın rəzmi olan qırmızı traktora şeirlər qoşuldu. Süni vətənpərvərik uşaqların dilinə, nitqinə zorla pərçim edildi. Elə pərçim edildi ki, oğlu general Qəzənfər Musabəyovun üzünə durub – sən Vətən xainisən – dedi.
Bu gün üstümüzdən Sovet ədəbiyyatı terminini götürmüşüksə, hələ də onun qalıqları ilə yaşamaqdayıq. Dünyada ən pis şey qalıqlarla yaşamaqdır.
Ancaq mən uşaq ədəbiyyatımızın bu gününə və gələcəyinə böyük ümidlə baxıram. Çünki bizim söykənməyə, əsaslanmağa, öyrənməyə klassik uşaq ədəbiyyatımız, ən başlıcası uşaq folklorumuz var.
Bundan əlavə bizim görkəmli sənətkarlarımız S.Vurğun, R.Rza, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev, M. Dilbazi, N.Rəfibəyli, M.Seyidzadə, Ə.Cəmil, M.Rzaquluzadə, Ə.Məmmədxanlı, Ə.Əhmədova, Ə.Cəfərzadə, İ.Coşqun, Ə.Kərim, M.Cəlal, T.Bayram, H.Ziya, Ə.Qasımov, E.Baxış, İ.Məlikzadə kimi görkəmli sənətkarlarımız elə bir uşaq ədəbi irsi qoyub getmişlər ki, onların əsərlərinə könül söykəməklə, folkloru bilməklə uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək olar. Bu ədəbi nəsillə yanaşı B.Vahabzadə, Elçin, Anar, H.Abbaszadə, N.Xəzri, Q.İlkin, F.Sadıq, A.Vəfalı, F.Qoca, İ.Tapdıq, N.Həsənzadə, Ə.Əylisli, Qabil, V.Babanlı, X.Əlibəyli, M.İsmayıl, M.Aslan, Z.Xəlil, Ə.Səmədli, Ç.Əlioğlu, Qərib Mehdi, Aləmzər Alizadə kimi sənətkarlarımız həyatlarının müxəlif məqamlarında dəyərli uşaq əsərləri yaratmış və bu gün də bəziləri mütəmadi olaraq uşaq ədəbiyyatı ilə məşğuldurlar.
Müasir uşaq ədəbiyyatını 3 ədəbi növ üzrə, uşaq şeiri, uşaq nəsri, uşaq ədəbi tənqidi ilə qruplaşdırmaq olar ki, burda da əsas məsələ kəmiyyət deyil, yəni nə qədər əsər yazılması deyil, başlıca meyar, bədiilikdir.
Son 5 ildə yaranan uşaq əsərlərində bəlkə də müharibə şəraitində yaşadığımıza görə publisistika üstünlük təşkil edir. Küllü miqdarda şeirlər var ki, təpədən dırnağa publisistikadır, özü də zəif publisistika.
Orta yaş nəslinə mənsub olan Q.İsabəyli, Ə.Quluzadə, R.Yusifoğlu, P.Qəlbinur, V.Bəhmənli, M.Alim, Ə.Əlioğlu, A.Əlizadə, Ş.Xəlilli, Ə.Mədətoğlu, Ə.Əsgəroğlu, M.Köhnəqala, A.Şirin, Ə.Ol, A.Səməd onlardan bir az gənc olan S.Hüseynoğlu, S.Babullaoğlu, S.Nuruqızı, A.Bunyadzadə, Nisə Bəyim, Ə. Salman, Ş.Sahibli, D.Sevgin, E.Atalı, F.Tahirli, F.Balabəyli, M.Mirhəşimoğlu, Ş.Vəfadar, Gülzar İbrahimova, M.Qaçayqızı son dövr çap olunmuş uşaq kitabları ilə və ya «Göyərçin», «Savalan», «Günəş», «Elli» jurnallarında, «Cik-cik», «Elin gücü», «Tumurcuq» və digər uşaq mətbuat orqanlarında, həmçinin «Ulduz» jurnalında, «Ədalət», «Yeni Azərbaycan» və «Kaspi» qəzetlərində çap olunan şeirləri ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.
İstedadlı şair və naşir Qəşəm İsabəyli son illər «Ay külək, nə əsirsən?» yeni şeirlər kitabını və «Ü» nağıl povestini təkrar nəşr etdirib. Eyni zamanda müəllif «Ulduz» jurnalı və uşaq mətbuat orqanlarında «Elnur Əkil və onların başına gələnlər» nağılını və uşaq həyatından bəhs edən müxtəlif səpkili şeirləri balaca oxucuların ixtiyarına verib. Sevindirici haldır ki, Qəşəm İsabəyli bir naşir kimi «Şirvannəşr» nəşriyyatında silsilə uşaq ədəbiyyatı çap edərək, balaca oxucuları sevindirib. «Çik-çik» uşaq qəzeti də onun rəhərliyi altında öz səhifələrində körpə fidanlara hər ay geniş yer ayırır.
Tədqiqatçı alim, professor, gözəl şair, uşaq ədəbiyyatının yorulmaz təbliğatçısı Zahid Xəlil son illər həm televiziyada, həm pedoqoji fəaliyyətində uşaq ədəbiyyatının ən gözəl incilərini üzə çıxarıb. 2002-cı ildə «Dünyanın balaca nağılları» kitabı çap olunub. Eyni zamanda Füzuli Əsgərli 2003-cü ildə Zahid Xəlilin yaradıcılığı ilə bağlı yazdığı «Sənətkarın uşaq dünyası» kitabını çap etdirərək, sənətsevərlərin ixtiyarına verib. Onu da deyim ki, Zahid Xəlilin yaxından köməkliyi nəticəsində «Elmin gücü» adlı bir qəzet çıxır ki, burada da orta məktəb müəllim və şagirdlərinə metodiki kömək vasitəsi kimi dünya ədəbiyyatından seçmələr verilir. Zahid müəllim hal – hazırda «Orxan və onun dostları» romanı üzərində işləyir.
«Göyərçin» jurnalının baş redaktoru, istedadlı şair və alim Rafiq Yusifoğlu son 5 ildə çox gərgin və məhsuldar yaradıcılıq yolu keçmişdir. Ali və orta ixtisas məktəbləri üçün uşaq ədəbiyyatı dərsliyi, uşaqlar və böyüklər üçün bir neçə şeir və nəsr kitabları nəşr etdirib. «Söz çəməni» kitabında sait və samitlərə, nitq hissələrinə, cümlə üzvlərinə, durğu işarələrinə, «Günlərimiz, aylarımız» kitabında günlərə, aylara yazdığı şeirlər ibtidai sinif şagirdlərinin həm Azərbaycan dilinin qramatikasının, həm də əlamətdar gün və ayların öyrənilməsi üçün ədəbi-bədii vasitədir. «Sual» şeirində olduğu kimi:

Yorulmur hey soruşur,
Deyingən bir qarı tək.
Ona cavab verməyə
Sözlər tapasan gərək.

Sual işarəsinin forması, daxili əlamət və keyfiyyətləri, ədəbi-bədii lövhələrlə uşağa çatdırılır. Uşağın idrak və təfəkkürünü, mənimsəmə qabiliyyətini surətləndirir. Əslində bu cür əlamətlərlə tanıma və qavrama uşaq şeirlərinin mayası R.Rzadan gəlir. Bu da təbii haldır. R.Rzanın «Şanapipik» şeirinə fikir verək:

Şanapipik, şanapipik
Alabəzək, qara kiprik
Üstü-başı zolaq-zolaq
Balacaboy, nazik ayaq.

Əlli yaşını yenicə ötmüş istedadlı şair Ələmdar Quluzadə həm uşaqlar, həm də böyüklər üçün maraqlı şeirlər yazır. Son dövrdə onun «Göyərçin», «Günəş» jurnallarında orjinal uşaq şeirləri dərc edilib. Ə.Quluzadə uşaq xarakterini, onun daxili düşünclərini dərindən bilən şairdir. Aşağıdakı şeirində maraqlı bir məqamı nəzərinizə çatdırmaq istəyirəm.

Mağazaya gəldi Gülər:
– Əmi, mənə çörək ver,
Bir də dəftər.
– Buyur, qızım.
– Bəs saqqızım?
– Saqqız üçün
Pul qalmadı.
– Əmi, deyən düz olmadı
qoy çörək də,
qoy dəftər də burda qalsın.
İndi elə hesabla ki,
Saqqız üçün xırda qalsın.

Evlərinin yanındakı dükanlara gedən uşaqların həmişə gözü xərclənən puldan geri qayıdan xırdadadır. Bu təbii, poetik məqamı şairin alıcı gözləri göydə tutub.
Xalq yazıçısı Elçin «Azərbaycan uşaq ədəbiyyatı» məqaləsində yazır: «Zaqreb Simpoziumunda Rumun yazıçısı Tiberd Utaq bir hadisə danışdı. Mənim dostumun qızı televiziya ilə göstərilən olimpiya oyunlarına baxırdı. Gimnast Konsilyaçinin çıxışından sonra qız atasına dedi: «Ata, bu qız gözəl quş ola bilərdi…» Elçin elə oradaca haqlı olaraq qeyd edir ki, məncə, bu gözəl misaldır. Bu kiçik və işıqlı bənzətmə bir daha sübut edir ki, xüsusən «uşaq ədəbiyyatının estetik simasından çox şey asılıdır».
Həmin uşağın təfəkkür qanadları daim əşyalar üzərində qanad çalır, nəfəs alır, dəyişir, kiçilir, həm də böyüyür.
Sevimli şairimiz Fikrət Sadığın uşaq yaradıcılığı öz təbiiliyi ilə seçilir. Onun «Sehirli əlifba» kitabı balaca oxucular üçün çox gözəl əyani vəsaitdir. F.Sadığın şeirlərindəki sonluqlar uşağın başına gələn hadisənin ümumi nəticəsindən doğur:

– Bəs bu nədir?
– Bu quşdur.
– Niyə bura qonmuşdur?
– Dən yeyirdi.
– Dən nədir?
– Mən də görə bilmədim
quş hamısını dənlədi.

Burada ədəbi fakt, ədəbi hadisə var. Ala dağdan, qara dağdan gələn söz yığını yoxdur.
Bu günkü uşaq şeirimizdə göz acışdıran yalandan uşaq güldürmək, sevindirmək istəyi kimi işıldayan ifadələr, tükrürpədici pafos, uşaqları böyük kimi danışdırmaq, yalançı vətənpərvərlik duyğuları süni şəkildə baş alıb gedir. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir uşağın həyəcanı daha təbiidir, daha gur – guruldayan, nər – nərildəyən şeirlərin əzəməti məsum uşaqların üzünə taxılmış maskadır. Əslində bu maska müəllifin özüdür.
Təsadüfi deyil ki, xalq şairi R.Rza 1967-ci ildə çap olunmuş «Mənim fikrimcə» kitabında haqlı olaraq yazır ki, həyat hadisələrin nə şəraitdə, nə zaman ortaya çıxması haqqında son dərəcə inandırıcı və gözəl material verir. R.Rza haqlıdır. Həyatın özünü şeirə gətirmək lazımdır. Ona əl vurdunsa, uçulub-dağıtdınsa, daha heç nə.
Özünəməxsus ədəbi dəsti-xətti olan Sərvaz Hüseynoğlu son illər uşaq şeirimizin maraqlı nümunələrini yaratmışdır. Onun uşaq şeirləri sadə, oynaq, lakonik yığcam və mənalıdır. Sərvaz uşaq aləminə enməyi, onunla qaynayıb qarışmağı, düşündüklərini və müşahidə elədiklərini uşaqların zövqü, təfəkkürü boyuna ustalıqla biçməyi bacaran şairlərimizdəndir. O uşaq şeirlərində rəsmə, görüntüyə daha çox diqqət yetirir. Bu mənada onun uşaq şeirləri tablonu xatırladır:

Tamaşadı, baxanların
gözü doymayır
dəcəl dolu özü çalıb,
özü oynayır.

Ədalət Əsgəroğlunun son illər çap olunmuş «Böyürtkən kolu», «Elşadın dəcəlliyi», «Aytəkin və Günəş», «Xəzər», «Zirvələr» və başqa şeirləri müasir uşağın esetik zövqünün məhz təbiət parametləri ilə üzvü surətdə bağlanmasını göstərir.
«Böyürtkən kolu» şeirində İftixar böyürtkən yemək istəyir. Elə birini yeyən kimi tikanlar onu cırmaqlayır. İftixar ağlasa da, qışqırsa da, tikanlar onu buraxmır, nəticədə köynəyi cırılır:

Dartındı, köynəyini,
Cırdı düz ortasından.
Tək bircə böyürtkənin,
Hayfını çıxdı ondan.

Məncə, maraqlı lövhədir.
Sevinc Nuruqızı son illərdə çıxan 2 toplusu, «Çərpələng, sarı qız», «Düz və vız» kitabları ilə balaca oxucularını sevindirib. Xüsusilə qeyd etmək lazımdır ki, Sevinc son illərdə ədəbiyyata gələn istedadlı, maraqlı bir uşaq yazarıdır.Bu il Dayandur Sevginin «Mən bilmirəm ayılığın yolunu» adlı yeni şeirlər kitabı işıq üzü görüb. Topluya şairin uşaqlar üçün yazdığı şeirləri də daxil edilib. Bədii obrazlığa, yüksək əxlaqi keyfiyyətlərə, zəngin dilə malik olan aşağıdakı şeir ata-övlad məhəbbətini səmimi şəkildə oxucuya çatdırır.

Ay nurundan pay alıb,
Ay kimi təmiz balam!
Saçları xurmayıdı,
Gözləri dəniz balam!

Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox çətindir. Belinski deyirdi ki, uşaq şairi olmaq lazımdı. Vaxtı ilə uşaq olmaq çətindir deyən tənqidçi Allo Marçenko ilə mübahisə edən S.Mixaylov, M. Trilyayeva və L. Razqon birlikdə məqalə yazaraq deyirdilər ki, Allo Marçenko ilə razılaşmaq olmaz. Uşaq olmaq, xoşbəxt olmaq, şən olmaq, şirin olmaq deməkdir.
Xalq yazıçısı Elçin «Azərbaycan uşaq ədəbiyyatı» məqaləsində üçlüyün arqumentlərinə qarşı öz haqlı sualını qoyur: «Məgər uşaq çətinliyi məfhumunun özündə uşaq xoşbəxtliyi yoxdurmu? Bəli, uşaq xoşbəxt olmaqla, şən olmaqla, şirin olmaqla bərabər, həm də çətindir».
Yenə də Elçinin haqlı sözü: «Uşaqlar üçün yazmaq da çətindir» və Elçinin haqlı nəticəsi: «Lakin bədii çətinlik olmayan yerdə bədii qələbə də yoxdur».
Son illərdə yaranan uşaq ədəbiyyatımıza nəzər salanda aydın bir həqiqəti olduğu kimi dərk edirəm. Uşaq ədəbiyyatı yaranır. Amma XX əsrin əvvəllərində yaranan xalq təfəkkürünə söykənən ədəbiyyata hələ çata bilmir. Elə bil ki, uşaq şeirimizin əsas hissəsi on illiklər ərzində hadisələri eyni cür təqlid edir, obraza eyni əlamət və xüsusiyyətlər verir. Elə bil 90-cı illərin uşaqları 70-80-ci illərin uşaqlarıdır. Uşağın topu, ata-anası, bacı-qardaşı, dağ-daş, ot-çiçək, ay, günəş, it-pişik və ətrafımızı bürüyən əşya və canlılar uşaqlara eyni üslubda təsir edir və uşaqlar da onlara eyni prizmadan münasibət göstərirlər, elə bil heç nə dəyişmir. Görəsən uşaqlar dünyaya onilliklər boyu eyni baxışlarlamı baxacaqlar? Şübhəsiz, uşaqlar elektron, internet zamanında yaşayırlar. Elə bil şeirimizdəki uşaqların təfəkkür hərəkəti hələ sabitdir. Onlar hələ dünyaya çıxmağa qorxur. Şairlərimiz onların iç dünyalarına, düşüncələrinə ictimai sosial məzmun verməlidir. Mənə elə gəlir ki, bu məsələ gecikir. Görkəmli türk şairi İsmayıl Uyaroğlunun neçə illər bundan qabaq yazdığı uşaq şeirlərinə diqqət yetirsək bu məzmunu aydın görərik:

Qar qardaş,
Atamın pulu yox
Mənə palto ala…
Nə olar, məni anla.

Artıq bu şeirdə sosial problem səciyyə daşıyır. Uşaq hiddətlənir. Məgər bizdə hiddətlənən kasıb uşaq yoxdurmu?
Yenə həmin şeirdən:

Mənim üçün doğ, günəş,
Küçəyə çıxarmır anam məni
Sən olmasan.

Uşağın acı taleyi artıq böyük poeziya nümunəsidir. Bəzən bizim uşaq şeirlərimizin əksəriyyətində zəif və bayağı təsvirlərlə xoşbəxt uşaq obrazı yaradılır. Yuxarıda göstərdiyimiz şair isə kasıb bir uşağın timsalında poeziya nümunəsini ortaya qoyur. Ədəbiyyatımız üçün bizə ikincisi lazımdır. Bəzən bizdə kütləvi şəkildə qorxmaz, döyüşkən, hər şeydən başı çıxan kollektiv uşaq obrazları bu gün də Qarabağı almağa hazırdılar. Hələlik bu fikir uşağın öz yaşının düşüncəsi deyil. Bu yaşlı bir şairin zorla uşağın qəlbinə, dilinə pərçim elədiyi və guya bununla da cəmiyyətdə vətənpərvərlik işinin çox mütəşəkkil getdiyini göstərmək faktıdır.
Murad Köhnəqalanın 10 avqust 2001-ci il tarixdə «Yeni Azərbaycan» qəzetinin ədəbiyyat əlavəsində 3 uşaq şeiri dərc olunub. Bu şeirlərin gözəlliyi və orjinallığı orasındadır ki, xalq ruhunda yazılıb. Murad burada qeyri-adi bir şey kəşf eləməyib. Sadəcə olaraq folklordan bəhrələnib:

Yatanda tərli oğlum,
Kitab dəftərli oğlum,
Sabah-sabah durubdu,
Vərəqlərin cırıbdı.
Lay lay, Laay lay
Di yat dana
İndicə səni qaldırıb yerə vuracam
Yoo, Yoo,
Sənnən döyüləm, sənnən döyüləm,
Pişik göynən gedir, onnanam,
Ay pişik, get balam yatsın.

Muraddan daha fərqli üslubu olan gənc şair S.Babullaoğlunun 2002-ci ildə «Yeni Azərbaycan» qəzetinin ədəbiyyat buraxılışında dərc edilmiş «Oğlumla söhbət» şeiri müasir uşaq şeirimizdə tamamilə ayrı bir xətdir. Deyək ki, Murad birbaşa xalqdan öyrəndi. S.Babullaoğlunun şeiri isə xalqdan bəhrələnməklə bərabər, səlis Azərbaycan dilində bizimlə danışan yeni Avropa düşüncəsidir, Ya da min il bundan qabaqkı öz düşüncəmiz, daha dəqiq desəm Dədə Qorqud zamanın bədii içidir:

– Sən kimsən?
– Sənin atan.
– Bəs Fəridin atası kimdi?
– Yoxdu.
– Nədən?
– …

Bu şeir də H.Cavidin «Məktəbli qız» şeiri kimi qədimdir. Qədim olduğu üçün müasirdir. Keçmiş olduğu üçün gələcəkdir.
Yenə Səlimin şeirində:

– Ata, Allah kimdi?
– O səni, ananı, babanı,
nənəni, hamını yaradıb.
– Səni də?
– …

Və yaxud:

– Onlar nə edirlər, ata?
– Daş yığırlar.
– Niyə?
– Bir-birinə vuracaqlar.
– Niyə?
– Düşməndirlər.
– Niyə?
– Bir-birini sevmirlər.
– Niyə?
– …

Əslində uşağın suallarının hamısı ən tutarlı cavablardır. Atanın savabı isə sual… Uşağın suallarında müasir sivilizasiya yerləşib.
Ötən beş ildə uşaq nəsri və dramaturgiyası da xeyli inkişaf yolu keçib. Hüseyn Abbaszadənin, İsmayıl Vəliyevin, Əli Səmədlinin maraqlı kitabları, dövri mətbuatda isə hekayə və nağılları çap olunub.
Bu dövrdə ən məhsuldar nasirimiz Əli Səmidli «70 ilin sevinci», «Çinarlı şəhərim» kitablarını çox nəfis şəkildə nəşr etdirib, körpə fidanlarımızın ixtiyarına vermişdir. Bundan əlavə Əli Səmədli dövrü mətbuatda uşaq hekayələri, nağılları və publisistik yazıları ilə çıxış edib. Uşaq ədəbiyyatımızın təbliğ olunmasında əlindən gələni əsirgəməyib. Qurultayqabağı uşaq kitabxanalarında bir sıra tədbirlər keçirib və mən də xoşbəxtəm ki, həmin görüşlərin işirakçısı olmuşam.
İstedadlı yazıçı Aygün Həsənoğlunun ötən 5 il ərzində «Şəkər villası» qəzetində «Küsəyən dişlər», «İki damla yaş», «Şar» nağılları dərc edilib. «Oxu bülbül və yaxud hər kəsin öz nəğməsi» əsəri gənc tamaşaçılar teatrında səhnəyə qoyulub. Bu dövr ərzində Aygün xanım «Səməni», «Xallı kəpənək», «Qara sandıq» dram əsərlərini yazıb. «Səməni» dramını səhnələşdirilməsi üçün Gənc Tamaşaılar teatrına təqdim edib. Aygün Həsənoğlunun nağıl və hekayələrində, dramlarında ədəbi-bədii sujetlər, orjinal uşaq taleləri diqqət çəkir.
Aygünün başqa bir yaşıdı Aygün Bünyadzadə özünəməxsus nağılları, tərcümələri ilə xeyli iş görüb. Tofiq Mahmud adına mükafata layiq görülüb. Aygün «Şəkər villası» qəzeində, «Günəş», «Göyərçin», «Elli» jurnallarında ədəbi-bədii uşaq əsərləri ilə fəal çıxış edrək, artıq öz imzasını istedadlı bir nasir kimi təsdiqləyib. «Qar dənəcikləri necə yarandı», «Küçüklərin məcaraları», «Necə oldu ki, fəsillər meydana gəldi», dünyanın səfil uşaqlarına həsr olunmuş «Küçə fənəri» bu illər ərzində balaca oxucuların ixtiyarına verilib.
İstedadlı yazıçı Şəlalə Əbil son üç ildə «Sonradan sonra», «Teorem» kitablarını çap etdirməklə yanaşı, «Ulduz», «Azərbaycan» jurnallarında, «Ədəbiyyat qəzeti», «Ədalət», «Yeni Azərbaycan» qəzetlərində maraqlı hekayələri ilə çıxış etdi. Nasirin yaradıcılığında qadın və uşaq obrazı yeni estetik dəyərlərlə üzə çıxdı. «Ala çatı» hekayəsində dişi qaşınanda həmişə bələyinin bağını dişinə çəkməyə adət etmiş körpə bir gün ala çatıya oxşayan ilanı dişinə aparıb sıxır və ilan onu çalır. Beləliklə, həyatla uşağın ilk tanışlığı başlayır. «İtki» hekayəsində itən nədir? Atasının iş yerinə gedən Murad əlini atasının işlətdiyi kraskaya bulaşdırır ki, qonşusu Kərəmi heyrətləndirsin. Lakin ailəyə pul lazımdır. Muradın atası başı daz xozeyinə boyun bükərək əvvəlcədən pul verməsini xahiş edir. Xozeyinsə kobuddur. Elə bu an Murad əlində atasının əlinin əsdiyini və əsə-əsə kiçildiyini görür. O, dərk etdi ki, nəsə itirdi. Ona görə də evə çatan kimi hirslə əlinə yaxdığı kraskanı qoratmağa çalışır.

N.Kazımovun 4-cü sinif üçün tərtib etdiyi dərslikdə Nazir Nəcminin «Qadın əlləri» şeiri başdan-ayağa sözcüklərdən ibarətdir. Şair qadın əllərinə müraciətlə deyir:

Şimşək olursunuz uca dağlardan,
O vaxtkı dağları endirirsiniz.

Bu nə deməkdir?
Heç bir fikir bildirməyən bu misralardan şagirdlər görəsən nə anlayırlar? Yenə həmin dərslikdə Eldar İbrahimin «Şəhid Nəğmələri» şeirində «Ağı deyir necə səs» misrası uyarında deyil. Səs ağı deməz. Həmin şeirdən başqa bir misal:

Cənazələr yol gedir,
Bir-birindən qüdrətli,
Güclü çiyinlər üstə.

Qüdrət çiyinə şamil edilə bilməz. Bax, burda uşaq çaşır, zövqü korlanır, sonradan onun şeir zövqünü formalaşdırmaq çətin olur.
İndiki zamanda çox vacib ədəbi sahələrdən olan uşaq ədəbiyyatına göstərilən qayğı yetirəncə deyil. Kimdən uşaq şeirinin əhvalını xəbər aldım, kefi pozuldu. Qayğısızlıqdan gileyləndi.
Beləliklə, sözümün sonunda müasir uşaq ədəbiyyatımızın əsas problemlərini aşağıdakı kimi qruplaşdıra bilərəm:
• Bu günkü uşaq şeirimiz xalq ruhundan, xalqın intonasiyasından uzaq düşüb. Uşaq şeirimiz folklora qayıtmalıdır. Və təbii şəkildə uşaq düşüncələrinə ictimai-sosial məzmun verilməlidir;
• Ən böyük problemlərdən biri də uşaq və böyük ədəbiyyatının arasında kəskin fərq qoyulmasıdır. Bu fərq pedoqoji tərəfi saxlanılmaqla aradan qaldırılmalıdır;
• Bugünkü uşaq şeirimizin fəlsəfəsi çatmır.
• Bugünkü uşaq ədəbiyyatımızın dili bərbad vəziyyətdədir. Ədəbiyyat hər şeydən əvvəl canlı dildən ibarətdir;
• Bugünkü uşaq ədəbiyyatımız folklordan qidalanıb dünyaya çıxmalıdır. Müasir dünyanın məzmununu şirə kimi canına çəkib, canlı danışıq dili ilə uşaqlara çatdırılmalıdır;
• Ən ciddi problemlərdən biri də uşaqları böyük kimi danışdırmaqdır. Uşaq uşaq kimi düşünməlidir;
• Süni vətənpərvərliklə üfürülmüş kütləvi uşaq obrazlarına son qoymaq lazımdır. Uşaq ədəbiyyatımız öz ilkinliyinə, təbiiliyinə qayıtmalıdır;
• Uşaq yazıçısına, ədəbiyyatına xüsusi qayğı olmalıdır;
• Tarixi qəhrəmanlarımız, itirdiyimiz yer-yurd, torpaq, çay, dağ – bir sözlə Dərbənd, Göyçə, Təbriz, Borçalı, Qarabağ, Göyçə gölü, Zəngəzur, Qərbi Azərbaycan haqqında, S.Vurğun, R.Rza, Ə. Kərim, İ Əfəndiyev və başqa sənətkarlarımız haqqında qısa, maraqlı hekayələr yazılmalıdır;
• Əsas problemlərdən biri də oxucu problemidir. Bu gün uşaq mətbuatının orta məktəblərdə oxucusu yoxdursa, deməli, biz oxucu yetişdirmirik, deməli, gələcək ədəbiyyatımızı oxuyan olmayacaq. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır;
• Bizdə uşaq ədəbi tənqidi yoxdur. Alimlərimiz bu sahəyə xüsusi diqqət yetirməlidirlər;
• Uşaq ədəbiyyatının çapı məsələsi hamımızın ürəyini göynədir. Hörmətli Anar müəllim, nə yaxşı ki, sizin gərgin əməyinizin nəticəsində xalqımızın ən böyük arzusu həyata keçdi. Cənab Prezident İlham Əliyev 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutalan əsərlərin siyahısını təsdiq elədi və nə yaxşı ki, həmin siyahıda uşaq ədəbiyyatına geniş yer ayrılıb. Belə ki, bu ildən balaca oxucularımız, elə böyüklərimiz də A.Səhhətin, A.Şaiqin, Sabirin, S.S.Axundovun seçilmiş əsərlərini və Azərbaycan uşaq antologiyasını 3 cilddə oxuya biləcəklər.
Məncə, uşaq şeiri şairin ilhamının əsas göstəricisidir. Yalançı pafos, süni qəhrəmanlıq, sözçülük ona yaddır. Böyük poeziyanın əsas təməli uşaq təbəssümünə, uşaq yalvarışına, uşaq təmizliyinə söykənir. Sözümü İsmayıl Uyaroğlunun aşağıdakı şeiri ilə itirirəm:

Hər silah ayrı bir səslə partlar:
Tapança: dann,
Tüfəng: bumm,
Top: gumm,
Bomba: bomm…
Amma öldürdükləri körpələr
Harasında olursa dünyanın
Eyni ağrıyla bağırar:
– Ah…

Qəşəm Nəcəfzadə,
Azərbaycan Yazıçılar Birliyi Cocuq Ədəbiyyatı Başqanı

📆 07 Ocak 2021 Perşembe 07:07   ·   💬 0 yorum   ·